Müdafiə naziri xidməti müşavirə keçirdi
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.
Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib.
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.
Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırılıb.
Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib.