Müdafiə Nazirliyi: Orduda tibbi təminat və dərmanlarla bağlı hər hansı problem yoxdur

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

 

APA TV-nin xəbərinə  görə, onun sözlərinə görə, Vətən Müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.

 

Müharibədə şəhidlərin və yaralıların olduğunu deyən polkovnik qazilərin tezliklə sağalması üçün əllərindən gələni etdiklərini bildirib: “Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".

 

“Hazırda Vətən müharibəsində yaralanan 59 qazimiz müalicəsini davam etdirir” deyən Nazirlik rəsmisi əlavə edib ki, bu qazilər Baş Klinik Hospitalı və Bilgəhdəki hospitalda müalicə alır.

 

Firuddin Nəbiyev əlillik dərəcəsi məsələsinə də aydınlıq gətirib. Polkovnik deyib ki, hazırda orduda tibbi təminat və dərmanlarla bağlı hər hansı problem yoxdur: ““YAŞAT" Fondunun qazilərin, xaricdə, ölkədəki klinikalarda müalicəsini xüsusi qeyd etmək istəyirəm. YAŞAT Fondu Türkiyədən həkimlər dəvət edir. 54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq”. 

 

Firuddin Nəbiyev ordudan tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə də diqqət çəkib: “Həmin yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Hazırda ölkədəki bütün xəstəxanalar tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda, qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı problem yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş həmin hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.

 

F. Nəbiyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində tibb müəssisələri var və oradan tərxis olunmuş yaralılar, qazilər yaşadıqları yer üzrə həmin tibb müəssisələrinə müraciət edə bilərlər.

 

 

Müəllif | Apa.Tv
Apa.tv