Müdirindən pul alıb xərclədi, polisə isə “qarət olundum” dedi
Şəkidə polisə yalan məlumat verən Bakı sakini saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Bakı şəhər sakini Ehtiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq iki gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.
“102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyəti üzrə Şəki Şəhər (Rayon) Polis Şöbəsinə yönləndirilib. Müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində E.Hüseynovun dedikləri həqiqəti əks etdirmir. Belə ki, polis şöbəsinə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü kimi çalışdığı şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonunun Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.
E.Hüseynovun cinayət haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.