Müəllimlər binasının sakinlərini qonşuları necə aldadıb? - ARAŞDIRMA
“Bizim kompensasiyanı alıb qoyub cibinə, bizə də bir qəpik pul verməyib. Əvəzində özünə villa, oğlanlarına maşın, bahalı həyat. Deyirdik ki, bu obyekti hərracda almısan, deyərdin biz də qoşulardıq. Deyir ki, burda kimin pulu var, o boyda pul verib hərraca girsin?”
Söhbət Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Müəllimlər” mənzil-tikinti kooperativinə məxsus 98 saylı binanın ərazisinin elə binanın komendantı tərəfindən qeyri-qanuni satılmasından gedir. Bunu biz yox, sözügedən binanın bir qrup payçı sakini deyir.
Tofiq Abdullayev 60 ildir bu binada yaşayır. Onun sözlərinə görə, mənzil-tikinti kooperativi 1960-cı ildə yaradılıb və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulub. 1965-ci ildə bina istismara verilən zaman bura 0.65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan binadan, eyni zamanda zirzəmi və 188,3 kv. m sahəsi olan yarımzirzəmidən ibarət olub və bütün bunlar da pay sahiblərinin sərmayəsi hesabına inşa edilib: “Bu binanın ərazisində bir vaxtlar böyük su çəni vardı, bu tərəfdə qazanxana vardı, bütün ətraf binalarda ondan istifadə edirdilər. İndi onların heç biri yoxdur. Buranın su, qaz, işıq xətləri hamısı bizim öz hesabımıza tikilmişdi. Bir sözlə, zirzəmidən tutmuş damına kimi hamısı biz sakinlərin özəl mülkiyyəti idi”.
Zirzəmi demişkən, Tofiq Abdullayev deyir ki, binanın yarımzirzəmisi bir zamanlar “Azərittifaq”ın laboratoriyasına icarəyə verilib və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin sədrinə və mühasibinə əməkhaqqı ödəmək üçün xərclənib:
Binanın digər sakini Rüfət Musaxanov deyir ki, 1990-cı illərdə binanın sakini Səfər Müslim oğlu Ramazanov MTK-nın sədri vəzifəsinə seçildikdən sonra qonşularla müqavilə bağlayıb. Elə hər şey də bundan sonra baş verib: “Müqavilə bağladı ki, bu tikilini mənə verin, bank ofisi edəcəm. Əvəzində oradan gələn icarə haqqı ilə abadlıq işləri görəcəm bu binada. O da bir müddət sonra gördük verdiyi vədi yerinə yetirmədi. 2017-ci ildə isə yarımzirzəmi saxta sənədlərlə oğlu Ramazanov Böyükağa Səfər oğlunun adına keçirib, guya hərracda 35 min manata alıb. Nəsimi rayonunda 188 kv. metrlik obyekt 35 minə satıla bilməz axı”.
Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Səfər Ramazanovu səsvermə ilə tutduğu vəzifədən azad edib. Bina sakini Rasim Lətifovun sözlərinə görə, sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olub ki, binaya və ümumi sahəyə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib: “Biz möhürü təhvil alanda gördük ki, MTK-nın möhürü yox, “Müəllim” mənzil-istismar kooperativ möhürü kimi qeyd olunub. Biz Rüfətlə getdik Vergilər Nazirliyinə. İcra Hakimiyyətinin kooperativlər üzrə idarəsinə və Ədliyyə Nazirliyinə ünvanlanmış sorğulara rəsmi cavabda bildirilir ki, həmin möhür heç bir dövlət qurumunda qeydiyyatdan keçməyib. Bu isə o deməkdir ki, Səfər Ramazanov illər boyu vergilər orqanına heç bir rüsum ödəməyib. Hətta bu günə kimi biz sakinlərə verilən bütün arayışlar da saxta möhürlə olub”.
Sakinlər bildirir ki, məsələ ilə bağlı Nəsimi rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna şikayət verilib. Komendat Zarina Nemətova deyir ki, hazırda isə şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır: “Hazırda məhkəmə prosesi gedir. Səfər Ramazanov sənədləri elə dəyişib ki, biz hələ sübut edə bilmirik ki, bu bina kooperativ binadır. Biz sonuna kimi mübarizə aparacağıq, haqqımız olanı tələb edib alacağıq. Bütün bu ərazi bizim atalarımızdan bizə qalıb. Bizim olanı heç kimə güzəştə getməyəcəyik”.
Sakinlərlə bərabər Səfər Ramazanovun yaşadığı mənzilə yollandıq. Evdə kimsə olmadığından, onunla əlaqə saxlaya bilmədik. Qonşular da uzun müddətdir onu axtardıqlarını, lakin telefon nömrəsini dəyişdiyi üçün əlaqə saxlaya bilmədiklərini dedilər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirildi ki, sözügedən ünvanda beş mərtəbəli binanın yarımzirzəmisində 130.4 kvadrat metr və zirzəmisində yerləşən 57.9 kvadrat metr (ümumilikdə 188.3 kvadrat metr) qeyri-yaşayış sahəsi 70 000 manat dəyərində qiymətləndirilərək “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamı ilə 21.02.2017-ci il tarixində hərraca çıxarılıb. Lakin keçirilmiş ilk hərracda sifarişçi olmadığından, obyekt satılmayıb. Qeyri-yaşayış sahəsi qanunvericiliyə uyğun olaraq təkrar hərraclara çıxarılıb və 28 noyabr 2017-ci il tarixində keçirilmiş 5-ci hərracda 50% dəyəri ilə (35 000 manata) hərracın qalibi Ramazanov Böyük Ağa Səfər oğluna satılıb.
O ki qaldı hərraca çıxarılan ərazinin sakinlərin razılığı olmadan satılmasına, qurumdan bildirilib ki, hərraca çıxarılan əmlakla bağlı bina sakinlərinin razılığının alınması və onlara xüsusi məlumat verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, bina 1960-1965-cı illərdə tikilib. SSRİ qanunvericiliyinə görə, MTK-ların tikdiyi binaların zirzəmiləri və birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri dövlətə məxsus olub. Əgər sakinlər bu barədə ətraflı məlumat almaq istəsələr, həmin dövrdə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, “Özəlləşdirmə portalı”nda (privatization.az) və emlak.gov.az saytından əldə edə bilərlər.
Dövlət Xidmətindən onu da qeyd ediblər ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir.
Hər halda, yekun qərarı vermək yenə də məhkəmənin öhdəsinə düşür. Ümid edək ki, ədalət zəfər çalacaq.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV