Müəllimlər ən çox nədən ölür?

Son vaxtlar sosial şəbəkələrdə məktəblərdən yayılan görüntülər təəssüf ki, heç də ürəkaçan deyil. Şagirdlərin dərs zamanı davranış qaydalarına riayət etməməsi, müəllimlərin isə fiziki cəzalandırma hüququna malik olmaması təlim-tərbiyə məsələlərinin zamanla daha da çətinləşməsinə gətirib çıxarır.

Təsadüf deyil ki, müəllimlərin əksəriyyəti əsəbdən yaranan xəstəliklərdən əziyyət çəkir və ya vəfat edir.

Sosioloq Elçin Bayramlı düşünür ki, dövrümüzün aktual problemlərindən olan müəllim-şagird münasibətlərindəki nizamsızlıq birbaşa Elm və Təhsil Nazirliyi ilə valideynlərin  biganəliyi ucbatından yaranır.

Onun sözlərinə görə, nazirliyin tətbiq etdiyi “Kurikulum” adlanan şagirdyönümlü tədris proqramı müəllimlərin sonunu gətirir, məktəblərdə özbaşınalığa yol açır.

Sosioloqun fikrincə, müəllimlərin təlim-tərbiyə ilə bağlı səlahiyyətləri bərpa olunmalı, məktəbdən kənarda isə valideyn övladı ilə düzgün zaman keçirməli, uşağı yaşına uyğun olmayan məşğuliyyətlərdən uzaqlaşdırmalı, tərbiyə və mədəniyyət qaydalarını vaxtaşırı xatırlatmalıdır.

Məktəb psixoloqu Qəmər Bünyatova isə deyir ki, mövcud problem daha çox müasir trendlərdən yaranır. Uşaqlar erkən yaşlardan sosial şəbəkə istifadəçisi olur, yaşına uyğun olmayan filmlər, seriallar və ya aqressiya təbliğ edən cizgi filmləri izləyir. Beləcə təsirə düşür, kənar informasiyaların diqtəsi ilə davranmağa, yaşamağa başlayır.

Mütəxəssislərin sözlərinə görə, nizam-intizamsız şagirdlərin sayı artdıqca, dərs prosesi də ağırlaşır. Cəzasız qalacaqlarına əmin olan şagirdlər daha çox şuluqluq edir, sinfdəki mühiti daha da gərginləşdirir, hətta bəzən müəllimlərə qarşı nəlayiq hərəkətlərə yol verirlər. Bütün bunlar isə əsəbləri daha da tarıma çəkir.

Həkim-terapevt Sübhan Hacıyev deyir ki, son vaxtlar infraktdan, nevroloji problemlərdən qaynaqlanan xəstəliklərdən dünyasını dəyişən müəllimlərin sayının artması da məhz bu cür mühitin nəticəsidir.

Sübhan Hacıyev onu da əlavə edib ki, müəllimlərin əksərində laringit, faringit kimi lor-orqan xəstəlikləri də tez-tez müşahidə edilir. Onun sözlərinə görə, sadlananlardan başqa, indi əksər müəllimlərdə daim tükənmişlik sendromuna, beyin-qan dövranında problemlərə rast gəlinir.

Müəllif | Apa.Tv
Apa.tv