Müharibə bitsə də, yardımlarını davam etdirir - ASTARALI SÜRÜCÜDƏN NÜMUNƏVİ ADDIM

Savaş təkcə müharibədə, ön cəbhədə getmədi 44 gün boyunca. Arxa cəbhədə də vətənini sevən, uğrunda canından, malından keçməyə həmişə hazır olanlar döyüşürdülər - əllərindən gələni əsirgəməyərək, orduya dəstək göstərərək.

APA TV xəbər verir ki, belə könüllü fəallardan biri də Astara rayonunun Ojakəran kənd sakini Şahlar Hüseynov idi. O, Vətən müharibəsi zamanı Müzəffər Ordumuza dəstək olmaq üçün şəxsi avtomobili ilə dəfələrlə ön cəbhəyə yardım aparıb. Özü isə bunu çox böyük fədakarlıq saymır: “Vətən müharibəsi başlayan gündən, sentyabrın 27-dən hər bazar günü cəbhə bölgəsinə kənd camaatının dəstəyi ilə, qardaşların dəstəyi ilə əlimizdən gələni ordumuz üçün elədik. Xırda bir şey də olsa, yardımlar aparırdıq. Bununla özümüzdə müəyyən qədər də olsa, təsəlli tapırdıq. Yəni bizim də bir rolumuz olsun bu qələbədə və şükür olsun, gözəl bir nəticə əldə olundu. Əsasən Tapqaraqoyunluya gedirdik, yəni 4 həftə ora getdik, 1 dəfə yolumuz Ağcabədiyə düşdü, axırıncı yardım apardığımız yer Füzuli rayonu oldu. Horadiz qəsəbəsinə getdik və gözəl bir günə təsadüf elədi - 8 noyabra. Orada biz Şuşanın alınmasını eşitdik. Həqiqətən də böyük bir sevinc, böyük bir qürur hissi idi”. 

Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunsa da, əlavə yardıma ehtiyac olmasa da, xalqımızın döyüşçülərimizə möhtəşəm və hərtərəfli dəstəyi böyük ruh yüksəkliyi yaratmışdı. Maddi və mənəvi cəhətdən əsgər və zabitlərimizə yardım etmək üçün vətəndaşlarımız yarışırdılar sanki. Nəticədə heç vaxt unutmayacağımız kadrların, hekayələrin şahidi olduq. Şahlar Hüseynov da xalqla ordu arasında kiçik bir körpü rolunu oynadı, yardım karvanlarının öndə gedənlərindən oldu. Müzəffər Ordumuzun qələbəsi ilə bitən müharibədən sonra isə o, təmənnasız olaraq şəhid ailələri və qazilər üçün sərnişindaşıma xidmətini yerinə yetirir: “12 ildir, Bakı-Astara sərnişindaşıma ilə məşğulam. Müharibədən sonra belə bir qərara gəldim ki, mən də öz missiyama davam edim və günü bu gün bizim qürur mənbəyimiz olan qazilərimiz, şəhid ailələrimizin ailə üzvlərini ödənişsiz Bakıdan-Astaraya və Astaradan-Bakıya aparıb, gətirim. Bununla da özüm bir balaca da olsa, mənəvi təsəlli tapıram ki, mən də əlimdən gələni edirəm və bununla özümə rahatlıq tapıram. Düzdür, onların borcunu qaytarmaq olmaz heç vaxt. Bundan zövq alıram. Onlar bu xidmətdən istifadə eləyəndə elə vaxt olur ki, maşında heç bir çoxlarının xəbəri olmur ki, bizdə belə bir aksiya var, amma maşına əyləşəndən sonra monitorda elanı görəndə onlara da maraqlı gəlir və hətta mənə yol pulu da təklif edəndə deyirəm, qardaş, yox çox sağolun. Mən sizdən yol pulu ala bilmərəm. Çünki biz sizə borcluyuq. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

Şahlar Hüseynov müharibə zamanı yolda başına gələnləri, işğaldan azad olunan torpaqlarımızda gördüklərini danışanda elə bil təkrar yaşayırdı xatirələrini. Bir də övladları ilə fəxr etdiyi çox bəlli olurdu. Onun oğlanlarından biri Sərhəd Qoşunlarının zabitidir. Övladlarını da özü kimi yardımsevər, vətənpərvər böyüdüb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv