“Müharibə olmasa, ordudan gedəcəyəm” deyən şəhid gizir - REPORTAJ

Gizir Sadiq Azayev Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, 1992-ci ildə Qubanın Qonaqkənd qəsəbəsində doğulan Sadiq evin sonbeşiyi, həm də üç bacının tək qardaşı idi.

Sadiq əsgərliyini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlayıb. Gənc gizir qısa müddətdə hərbçi yoldaşlarının rəğbətini qazanmağı bacarmışdı:

Anası Qızılgül Azayeva deyir ki, Sadiq əsgərlikdən sonra hərbi xidmətdə qalıb işləmək qərarı verib: “Sadiq çox mehriban, qayğıkeş oğul idi. Əsgərlikdən gələndən sonra hərbi sahədə işləmək istədiyini bildirdi. Orduya yazıldı və bu sahədə çalışmağa başladı. Müharibə başlayanda da döyüşlərdə fəal iştirak edib. Füzuli uğrunda gedən şiddətli döyüşdə şəhid olub. Vətən uğrunda canından keçib. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı arzulayıram. Torpaqlarımızı düşmən tapdağından qurtardılar”.

Sadiq Azayev döyüşə yollanarkən çəkdiyi videoda “Allah bizə güc versin, döyüş əzmi versin, tezliklə düşmənləri bu torpaqlardan qovaq” deyirdi.

Döyüş yoldaşlarının düşmənin qəfil hücumuna məruz qaldığını eşidən kimi köməyə tələsib. Dayısı Hikmət Manafov deyir ki, ermənilərin səngərinə girərək, minaatanlarını susdurub: “Mən özüm də Birinci Qarabağ müharibəsində döyüşmüşəm. O vaxtı bizim arxamızda duranımız, silahlarımız yox idi. İndi isə bizim ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı tarix yazmağı bacardı. Şuşanın düşməndən azad olunmasında bizim döyüşçülərimiz misilsiz şücaət göstərdilər. Mənim bacım oğlu Sadiq də qəhrəmanlıqla döyüşüb. Çox yaxın məsafədə döyüş zamanı düşmən onu vurmağı bacarıb. Sadiq gizir idi. Rəhbərlik etdiyi qrupla düşmənə qan uddurub”.

Bacısı Rəşadət Eyyubova onunla son görüşünü belə xatırlayır: “Qardaşım haqqında deyiləsi çox xoş sözlər var. Sadiq doğulanda bizim evimizdə bayram olmuşdu. Üç bacının tək qardaşı idi. Həyat dolu, mehriban bir gənc kimi yaddaşlarda qalacaq. Sonuncu dəfə müharibədən əvvəl təlimlər keçilən vaxt evə gəlmişdi. Həmin görüşü unutmayacağam. Torpaqda o qədər sürünmüşdülər ki, hərbi geyimi, öz dərisi belə torpaq rəngində idi. Mən qardaşımla fəxr edirəm. Sadiq bu yolu özü könüllü seçmişdi. Mənə deyirdi ki, bacı, müharibə olmasa, ərizəmi yazıb hərbidən çıxacağam. “Anamızı düşün” deyəndə Sadiq “hər şey yaxşı olacaq” söylədi”.

Sadiqin kiçik bacısı Mələk Yunusova qardaş itkisi çox ağır olsa da, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasının onlara təsəlli verdiyini deyir: “Mənimlə Sadiq arasında yaş fərqi az olduğuna görə biz bacı-qardaşdan əlavə, həm də dost olmuşuq. Atamız rəhmətə gedəndən sonra onu əvəz edib. Çox mehriban, gülərüz qardaş idi. Ona deyəndə ki, Sadiq, döyüşlərdə ehtiyatlı ol, söyləyirdi ki, sən qəhrəman bacısı olacaqsan. Qardaşımla qürur duyuram”.

Şəhid Sadiq Azayev oktyabrın 3-də doğulub boya-başa çatdığı Qubanın Qonaqkənd qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv