“Müharibə sonrası Cənubi Qafqaz” mövzusunda vebinar keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) birgə təşkilatçılığı ilə “Müharibə sonrası Cənubi Qafqaz” mövzusunda vebinar keçirilib. 


APA TV xəbər verir ki, vebinara moderatorluq edən  BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, tədbir 29 il əvvəl baş vermiş Xocalı faciəsinin ildönümü ərəfəsində keçirilir. O bildirib ki, ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibədən sonra regionda yeni geosiyasi vəziyyət yaransa da, 30 illik işğalın nəticələri, o cümlədən I Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına qarşı törədilən soyqırımı və digər cinayətlər hələ də gündəmdə qalır. 


Fərid Şəfiyev əlavə edib ki, bu zəfər Türkiyənin Azərbaycana dəstəyi olmadan çox çətin olardı: “Lakin bu münaqişə bizim regional layihələrimiz üçün əngəl olmayıb, amma Ermənistan bu layihələrdən məhrum qalıb. Torpaqlar ermənilər üçün dəyərli yerlər olsaydı, bu əraziləri darmadağın etməzdilər”.


Daha sonra çıxış edən  AVİM-in rəhbəri Alev Kılıç Azərbaycanı əldə etdiyi qələbə münasibəti ilə təbrik edərək müharibənin Azərbaycan üçün önəmli bir dönüm nöqtəsi və layiq olduğu bir zəfər olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Türkiyə hər şeydən öncə  “iki dövlət, bir millət” anlayışının artıq sadəcə sözdə deyil, fəaliyyətdə də böyük bir məna qazandığını sübut edib: 


“Bu müharibə türk dünyasının geosiyasi önəmi qarşısına qoyulmuş əngəlləri ortadan qaldırıb. Bu mənada Azərbaycan-Türkiyə  işbirliyi daha böyük əhəmiyyət kəsb edir”. 
 

Müəllif | Apa.Tv
Apa.tv