Müharibə və əmək veteranı Pəri nənə: “Heydər Əliyevlə üç dəfə görüşdüm”
Qadının həyatdakı gücündən, mübarizəsindən, zəhmətsevərliyindən danışsaq, ömrünün 60 ilini kənd təsərrüfatına həsr etmiş Pəri Məhərrəmovanı misal göstərə bilərik. Onun üzündəki həyat xəritəsinə baxanda, illərin zəhmətini də, zəhmini də, qadının idarəçilik iqtidarında ola biləcəyini də görmək çətin deyil.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Pəri Məhərrəmova 1920-ci ildə Göyçay rayonunun Üngütlü kəndində doğulub: “41-dən işləmişəm, 88-ə qədər bir gün fasilə verməmişəm. Özüm də deputat olmuşam, ordenli olmuşam, arxa cəbhədə olmuşam”.
Göyçay, Ağstafa və Qazax rayonlarındakı kolxozlarda çalışan Pəri Məhərrəmova xidmətlərinə görə dövlət tərəfindən dəfələrlə pul mükafatına, orden və medallara layiq görülüb. Həyatının yarıdan çoxunu kənd təsərrüfatına, pambıqçılıq üzümçülüyə həsr edən Pəri nənə Böyük Vətən və Qarabağ müharibələri dövründə arxa cəbhədə çalışaraq qazandığı puldan əsgərlərə yardım edib, onlar üçün corab və əlcək toxuyub: “Kəlbəcərə əsgərlərə corab, əlcək toxuyub aparıb verib gəlmişəm, onlara pul keçirmişəm”.
100 yaşlı Pəri nənə respublika kolxozçular qurultayında, pambıqçıların və üzümçülərin müşavirələrində ulu öndər Heydər Əliyevlə 3 dəfə görüşüb: “Üç dəfə Heydər Əliyevin qarşısında olmuşam. Bir dəfə kolxozçular qurultayında, bir dəfə pambığı təhvil verib getmişəm, üzümü becərmişəm, gündə ton yarım üzüm yığmışam. 30 ton yarım üzümü 20 gündə yığıb getmişəm Bakıya. 41-də işlədim, 47-də “Stalin” ordeni verdilər, mükafat verdilər”.
Azərbaycan qadının zəhmətkeşliyinin, əzminin bariz nümunəsi olan müharibə və əmək veteranı Pəri Məhərrəmova sonda xalqımıza əmin-amanlıq və sülh arzulayıb.