Müharibədə olduğunu anasından gizlətdi - REPORTAJ
Vətən Müharibəsində qanı ilə tarix yazan hər bir şəhidimizin ayrı hekayəsi var. Bu gün şəhid Knyaz Orucovun şəhadətə ucalan həyat yolundan danışacağıq.
Gəncə şəhərində anadan olan Knyaz uşaqlıqdan vətənə, bayrağa olan sevgisi ilə seçilib yaşıdlarından. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, hərbi xidmətdə olduğu zaman da Vətən Müharibəsi başlayıb. Ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızı azad etmək olan Knyaz xidmət etdiyi N saylı hərbi hissədən könüllü olaraq döyüşlərə yollanıb. Müharibənin ilk günlərindən döyüşlərə qatılıb, bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Oktyabrın 7-də isə Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Anası Dürdanə Orucovanın sözlərinə görə, Knyaz şəhid olmamışdan iki gün əvvəl ailəsi ilə əlaqə saxlayıb, özü də iki dəfə: “Hərbi xidmətdə olanda müharibə başlayıb, mənə deməyib narahat olmayım deyə. Qızıma, bacısına deyib ki, döyüşdəyəm. Onlar gizli danışanda mən xəbər tutdum ki, bu müharibədədir. Sonra zəng gəldi, elə bil ürəyimə danmış kimi mən telefona yaxın getmədim. Bacısı götürdü telefonu, dedilər, qardaşınız Knyaz Orucov şəhid olub”.
Anası deyir ki, Knyazın ən böyük arzusu bayrağımızı Füzuli rayonunda dalğalandırmaq olub: “Hərbi xidməti başa vurandan sonra istəyirdi ki, hərbidə qalıb işləsin. Vətənə, bayrağa sevgisi var idi. Harada bayraq görürdü, şəkil çəkdirdi. Deyirdi ki, bir bayraq qoymuşam boynuma, Füzulini azad edəndə özüm bayrağı sancacağam. Mən övladımla fəxr edirəm, övladım vətən uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Vətən Müharibəsi zamanı düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edən Knyaz bacısı Nuranə ilə sonuncu dəfə danışanda anasını ona tapşırıb: “Təzə getmişdi cəbhəyə. Mən soruşdum ki, hardasan, dedi, danışa bilmirəm, hara getdiyimi deyə bilmərəm. Mən soruşurdum ki, çox qabağa çıxmırsan ki? Deyirdi ki, yox, mən arxadayam, çox qabağa getmirik. Sonra zəng vuranda dedi ki, bizi də qabağa aparacaqlar, anamın yanında demə. Hiss edirdim ki, getməyini gizlədir. Baxırdım ki, hər şeyi demir mənə. Zəng edəndə deyirdi, anamı sənə əmanət edirəm, özünüzü qoruyun. Sonuncu dəfə mənimlə danışdı, axırıncı dəfə səsini onda eşitdim”.
Digər bacısı Cənanə deyir ki, qardaşı gedərkən anasına xəbər verməməyi tapşırıb: “Mənə zəng eləmişdi, dedi ki, gedirəm mən, anama demə. Onda mənim gözüm doldu, anam da başa düşdü ki, o gedir. Onda mənə acıqlandı ki, niyə mamanın yanında dedin getməyimi”.
Xalası Güllü Rzayevanın dediyinə görə, qohumları da vətən uğrunda gözünü qırpmadan canını fəda edən Knyaz Orucovla fəxr edirlər: “Əsgərliyə yola salanda dedi ki, ağlamayın, xala, hər şey yaxşı olacaq. Bir xala kimi deyə bilərəm ki, mənim bacım oğlu torpaq uğrunda şəhid oldu. Biz fəxr edirik onunla”.
Knyaz Orucov 2020-ci il oktyabrın 8-də Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV