Müharibədən zərərçəkmiş uşaqlarla bağlı yeni layihəyə başlanılıb

“Fövqəladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində müharibədən zərərçəkmiş ərazilərdə yaşayan uşaqlara ASAN könüllüləri tərəfindən əlavə dəstək fəaliyyətlərinin icrasına başlanılıb.

 

APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, bu fəaliyyətlər BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün  nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə onların  asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə təşkil edilir.

 

Layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixo-sosial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə əsasən Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələri əhatə edir.

 

Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərdə yaşayan 1200-dən çox ailə ziyarət edilib və 2200-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub.

Müəllif | Apa.Tv
Apa.tv