Müharibənin ilk günü yaralansa da, döyüşlərə yenidən qatıldı - REPORTAJ
Əli İbrahimov 2002-ci ildə Quba şəhərində anadan olub. Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli tam orta məktəbi bitirib. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. Vətən Müharibəsi başlayan gündən savaşa qatılıb.
Əli müharibənin ilk günü yaralanıb. Bədənində çoxsaylı qəlpələr olsa da, qısamüddətli müalicədən sonra yenidən döyüşməyə davam edib.
Şəhidin atası Bəxtiyar İbrahimov oğlu ilə qürur qurduğunu deyir: “Mingəçevirdə hərbi xidmətdə idi. Müharibə başlayanda da xəbər aldıq ki, ön cəbhədə düşmənlə üz-üzədir. Yaralandıqdan sonra bir müddət Şəmkirdə hospitalda müalicə aldı. Yaraları tam sağalmamış müraciət edərək döyüş yoldaşlarının yanına qayıdıb. Oktyabrın 12-si telefonla danışdıq. Azad etdikləri ərazilərin gözəlliyindən bəhs etdi. Oğluma dedim ayağın yaralıdır, amma yenidən qayıtmısan. Mənə dedi ki, şəhid olan döyüş yoldaşlarımın qisasını almalıyam. Oktyabrın 14-də şəhidlik zirvəsinə ucaldı”.
Şəhidin anası Sitarə İbrahimova bildirir ki, Əlinin uşaqlıqdan musiqiyə həvəsi olub. Qarmonda ifa etməyi çox xoşlayırdı: “Əli mənim evimin ilk sevinci idi. Adətən, süfrə başında əyləşəndə mənim üçün musiqi ifa edərdi. Söz vermişdi ki, hərbi formada evə gələcək, amma qismət olmadı. Sonuncu dəfə telefonla danışanda söylədim ki, yaralanandan sonra tam sağalmamısan, bəlkə müalicəni davam etdirəsən. Sözlərimə etiraz etdi. Çox vətənpərvər övlad idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhidin müəllimi Gülağa Soltanov Əlinin çox yaxşı bir şagird olduğunu deyir: “Əlini lap uşaqlıdan tanıyıram. Əli ən çox idman sahəsində aktiv olub, tərbiyəli olub. Hamının sevimlisi olub. Hərbiyə çox meylli idi. Əli döyüşlərdə qəhrəmancasına döyüşüb. Torpaqlarımızın azad olunmasında xüsusi şücaət göstərib”.
Qəhrəman döyüşçü Əli İbrahimov Talış və Suqovuşan kəndlərinin düşməndən azad olunmasında fəal iştirak edib. Oktyabrın 14-ü Suqovuşan istiqamətində gedən döyüşlərin birində yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Qubanın Şəhidlər Xiyabanında dəfn olunub. Əli İbrahimov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Vəli Turan,
Mais Allahverdiyev,
APA TV