Müharibəyə aparılmadığı üçün mübahisə edən şəhid – REPORTAJ

Oxucuların Teymur Turan təxəllüsü ilə tanıdığı Teymur Yavus oğlu Rəsulov 23 mart 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 2009-cu ildə hərbi xidmətə yollanıb. Ardınca ixtisası üzrə energetika sahəsində çalışmağa başlayıb. Peşə fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə xarici ölkələrə iş dəvəti alıb, amma "mən bu vətəndən kənarda yaşaya bilmərəm" deyərək dəvətləri geri çevirib.

 

Qohumu Sahib Altayın sözlərinə görə, Teymur ölkənin sayılıb-seçilən elektrotexnika mühəndislərindən idi: “Öz üzərində daim işləyirdi, müxtəlif xarici dilləri öyrənirdi. Arxada gördüyünüz kitab rəfi də onun kitablarıdır. İkinci bir sahə olaraq şairliklə məşğul idi, şeir yazırdı. Son zamanlar nəsrə də keçmişdi. Bir roman yazırdı, yarımçıq qaldı. Kitabını çıxarmaq istəyirdi. Əgər döyüş olmasaydı, oktyabr ayı üçün şeirlər kitabını nəzərdə tutmuşdu”.

 

Əbədiyyətə yüksələn ömrün yarımçıq qalan romanı... Bəlkə də planları yarımçıq qaldı, amma arzusunu həyata keçirdi Teymur Rəsulov. Atası Yavus Rəsulovun sözlərinə görə, o, Azərbaycan Ordusunun general-mayoru, Milli Qəhrəman Polad Həşimovun ölümündən sonra özünə yer tapa bilmir, hər bir vəchlə döyüşlərə getməyə can atırdı: “Polad Həşimovdan sonra o təmiz dəyişildi. Özünə yer tapa bilmirdi ondan sonra. Bu hadisələr də başlayanda birinci mənə zəng elədi ki, Tərtərdəki dostunun nömrəsini ver, gedim onlara. Dedim a bala, lazım deyil, ümumi səfərbərlik olanda hamımız gedəcəyik”. 

 

Yeznəsi Sahib Altay isə Teymurun müharibəyə getmək üçün səlahiyyətli şəxslərlə mübahisə etdiyini söyləyib: “Bizim xəbərimiz olmadan, bunu da şəhid olandan sonra bildik ki, Teymur iki dəfə hərbi komissarlığa müraciət edib. Birinci dəfə sentyabrın 27-si çağırıldı. Üç gün getdik-gəldik və ayın 29-u ona dedilər ki, siz aparılmırsınız. Teymurla birlikdə 31 nəfər könüllü oradan geri qaytarıldı. Həmin gün bilmədik niyə, sabahısı Teymuru təzədən çağırdılar. Bunu şəhid olandan sonra komissarlığın nümayəndəsi bizə dedi ki, bəs gedib komissarla mübahisə edib. Deyib ki, mən 3 gündür gəlib-gedirəm, mən könüllü yazılmışam və mən getməliyəm”.

 

Teymur bacısı Tünzalə Paşayevanı şəhidliyinə hazırlayıbmış: “Könüllü yazıldığını sonradan öyrəndim. Mən dedim ki, bəs biz? Əgər sən gedirsənsə... Dedi, bəs ora gedənlər? Polad Həşimovun arzusu ilə. Dedi, elə oğullar getdisə, mənim yaşamağım... Dedim, bəs ailəmiz, ata-ana? Dedi, hər şey yaxşı olacaq”.

 

“İnsan Yaradanın mükəmməli yarada bilmə arzusudur” deyən Teymur Tanrı dərgahına ən uca mərtəbədə qovuşdu. Oktyabrın 18-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu: “Söhbət edirdik bir gün, Teymur da şəhidlikdən, qəhrəmanlıqdan, döyüşməkdən danışırdı. Anası sual verdi ki, cavan uşaqsan, niyə şəhidlikdən danışırsan? Gülə-gülə bir söz dedi orda, “şəhidlik bütün ölüm səbəblərindən üstün, yeganə əbədi yaşamaq yoludur”.

 

Ailəsi deyir ki, Teymur tez-tez indiki qohumluq əlaqələrinin soyuqluğundan gileylənər, bunun səbəbini ortaq ehtiyacların, ortaq dəyərlərin azalmasında görərmiş. Hər birimizin ortaq ağrısı olan Qarabağın Bütöv Azərbaycan cəmiyyətini böyük bir ailədə birləşdirəcəyini bəlkə də hiss etmişdi. Şəhadəti onu və onun kimi 2802 qəhrəmanı bu ailənin ortaq dəyərinə çevirdi.

 

Şəhid Teymur Rəsulov oktyabrın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn olunub. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

 

İslam Qədirli

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv