Musa Quliyevlə Namiq Qaraçuxurlunun feysbukdakı həbs görüntüləri əslində nədir?

Son günlər “Facebook” sosial şəbəkəsində Azərbaycanın məşhur simalarıyla bağlı montaj olunmuş fotolar paylaşılır. Bu aldadıcı materialları yayanların əsas məqsədi isə odur ki, müxtəlif səhifələrə diqqət çəkə bilsinlər. Bu şəkilləri “Facebook”da ödənişli reklama da qoyurlar. Deputat Musa Quliyev və meyxanaçı Namiq Qaraçuxurlu da internet dələduzlarının həqiqətdən uzaq, yalan xəbərlərinə tuş gəliblər. Belə ki, “Facebook”da onların şəkillərindən istifadə edərək, yalan məlumatları yayırlar. Məsələ ilə bağlı, adıçəkilən şəxslərlə əlaqə saxladıq. Deputat Musa Quliyev bildirdi ki, montaj edilmiş şəkillərindən xəbərdadır və bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət edib. Meyxanaçı Namiq Qaraçuxurlu da məsələdən xəbərdar olduğunu dedi. Bildirdi ki, bu onun çaşqınlığına səbəb olub, ancaq buna baxmayaraq heç bir şikayət etməyəcək. Bəs yaxşı, vətəndaş sosial şəbəkələrdə belə hallarla qarşılaşsa, nə etməlidir? Bu cür halların qarşısını necə almaq olar? Texno bloger Fərid Pərdəşünas bildirdi ki, bu fişinq hadisəsidir, məşhur simalardan istifadə olunaraq istifadəçilərin məlumatlarını almağa hesablanıb. Bloger deyir ki, belə hallarla qarşılaşan zaman mütləq şikayət etmək lazımdır. Bu paylaşımlar nə qədər çox şikayət edilsə, bir o qədər çox operativ qaydada məsələ həll olunur. Belə hallarla qarşılaşan vətəndaşın hüququ şirkət tərəfdən də qorunur. Yəni, sadəcə, sosial şəbəkədə şikayət etməklə kifayətlənməyib, polisə də şikayət edə bilərlər. Beləliklə, istifadəçilər də belə linklərə daxil olmamalı və şəxsi məlumatlarını paylaşmamalıdırlar. Bu halla qarşılaşdıqda isə Daxili İşlər Nazirliyinə şikayət edə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv