Musiqi məktəbindən oğurluq edən şəxslər tutuldu
Bakı şəhərində yerləşən musiqi məktəblərindən birindən oğurluq edilib. Naməlum şəxslər təhsil müəssisəsinə daxil olaraq məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat, eləcə də, kartlar olan çantanı oğurlayıblar. Daha sonra həmin şəxslər kartlardan ümumilikdə 3000 manata yaxın pul çıxararaq təkrar oğurluq ediblər.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxov tutularaq istintaqa təqdim olunublar.
Araşdırma zamanı onların eyni üsulla, müxtəlif təyinatlı obyektlərə daxil olaraq sahibləri tərəfindən nəzarətsiz qalan daha 6 nəfərin çantasını oğurladıqları məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.