Mustafa Şentop: “Bu gün Qarabağda üçrəngli bayrağa hamı salam verməkdədir”
Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.
APA TV-nin xəbərinə görə, iclasda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun sədrlik etdiyi nümayəndə heyəti, türkiyəli deputatlar da iştirak edib.
Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Türkiyə qanı-canı bir olan qardaş dövlətlərdir: “Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənir. Prezident İlham Əliyevin də dediyi kimi dünyada ikinci belə ölkə yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı zamanı Türkiyənin göstərdiyi mövqe ilə dünya bu qardaşlığa şahid oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu gün Mustafa Şentopun burada olması da bizim qardaşlığımızın daimi nümunəsidir”.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə çıxışında bildirib ki, bu gün Azərbaycanın haqlı davasına dəstək olan Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirib.
TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir. Mustafa Şentop Azərbaycana yönələn Ermənistan hücumlarını pislədiyini və bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət dilədiyini qeyd edib: “Haqq və ədalət yerini tapmadıqca, Qarabağ probleminin həlli olmayacaq. Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həll yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər sürdürə bilməzlər. Ermənistan da bilməlidir ki, böyük qardaşları onlara sona qədər dəstək olmayacaq. Ən sonunda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar. Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludur. BMT-nin qərarlarını Ermənistan heçə saydı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Hətta həmsədrlərdən biri Türkiyə və Azərbaycanı Ermənistana terror hücumu etməkdə günahlandırdı. Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”.
TBMM sədri qeyd edib ki, Moskva razılaşmasına baxmayaraq, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan Ordusundan ardına belə baxmadan qaçan ermənilər ancaq mülkiləri hədəf alır: “Bütün dünyaya sual edirəm. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?! Lalsınız? Karsınız? Yoxsa, korsunuz?. Bəxtiyar Vahabzadənin “Bayraq” şerinin həyata keçirildiyi günlər yaxındadır. Bu gün Qarabağda üçrəngli bayrağa hamı salam verməkdədir və salam verməkdə davam edəcək. Bu gün cəbhədə vətənləri üçün mübarizə aparan Əsgərlərə Allah yardımçı olsun. Üçrəngli bayraq bütün Qarabağda dalğalanacaq”.
Türkiyəli qonaq onu da əlavə edib ki, Bakı-Tblisi-Qars və digər layihələr bu siyasətin bel sümüyünü təşkil etməkdədir. Türkiyə və Azərbaycanın ətrafındakı regionlar da daha sıx əməkdaşlıq edəcək.
“Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır. Bütün hücumlarda da bu stratejik birliyimizi baltalamaq məqsədi var. Türkiyə və Azərbaycanın qəlbi eyni məqsəd üçün birlikdə atdıqca bütün cahana səsimizin nə qədər güclü olduğunu bəyan edəcəyik”, - deyə Mustafa Şəntop bildirib.