Mustafa Topçubaşov adına Elmi-cərrahiyyə Mərkəzinin 60 illik yubiley tədbiri baş tutub
Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov, Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Mərkəzdə fəaliyyət göstərən həkimlər və xaricdən dəvət edilən həkim-mütəxəssislər iştirak edib. Açılış mərasimində çıxış edən Mərkəzin direktoru Rauf Ağayev bildirib ki, hazırda Mərkəz respublikanın böyük elmi-tədqiqat müəssisələrindən biri hesab edilir və burada ölkədə analoqu olmayan ixtisaslaşdırılmış cərrahi xidmət növləri cəmləşib. Mərkəzin əməkdaşları tərəfindən hazırlanan 300-dən artıq elmi işin ölkəmizdə və əcnəbi dövlətlərdə nəşr olunmasından danışan Elmir Bəşirov vurğulayıb ki, son illər səhiyyə sahəsində böyük uğurların əldə edilməsində Elmi-cərrahiyyə mərkəzinin də xüsusi rolu var. Daha sonra müxtəlif ölkələrdən dəvət edilmiş həkimlərin təbrik çıxışları dinlənilib.