Müştəri kafe sahibini bıçaqladı

Qaxda kafedə bıçaqlanma olub. APA TV-nin məlumatına görə, hadisə avqustun 19-u axşam saatlarında rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində baş verib. Kafedə müştəri qismində olan rayon sakini Murad Hüseyn oğlu Muxtarov ilə kafeni icarəyə götürüb işlədən rayonun Əmbərçay kənd sakini 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarovun arasında mübahisə düşüb. Mübahisə zamanı Murad Muxtarov üzərində olan bıçaqla Sahib Muxtarovun qarın nahiyəsindən bıçaqlayıb. Bıçaq Sahib Muradovun qaraciyərini zədələyib. Murad Muxtarov icarədar Sahib Muxtarovu bıçaqlayandan sonra hadisə yerindən qaçıb. Sahib Muradov Qax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunduqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində hadisəni törədən Murad Muxtarov saxlanılıb. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv