Muxtar Babayev: “Su ehtiyatları gələcəkdə də azala bilər”

 

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15 faizini təşkil edir.

APA TV-nin məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP)qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Su ehtiyatlarımızın son onilliklərdə azaldığını deyən Muxtar Babayev beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı olduğunu söyləyib: “Görüləsi işlər burda çox böyükdür. Həm də biz burda əhalimiz tərəfindən, vətəndaşlarımız tərəfindən suya daha qənaətcil münasibət bəsləməsi, daha qənaətlə istifadəsi üçün böyük bir tələb var. Həmin situasiya bizim rayonlarımızda da var. Bilirsiniz ki, kənd təsərrüfatının inkişafı daha çox su tələb edir və daha çox minerativ, miqrasiya işlərinin artırılmasına gətirib çıxarır. Və istər-istəməz çaylarda da suyun səviyyəsinə müəyyən təsir edir”.

Nazirin sözlərinə görə, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir.

Muxtar Babayev qeyd edib ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub: “Harada sənaye var, orda tullantısız mümkün deyil. İstər-istəməz olur. Amma bizim də məqsədimiz odur ki, tullantıların sayını, həcmini minimuma endirək. Təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yox, müəssisələrin özləri də bu sahədə maraqlı olsunlar ki, nə qədər mümkündür tullantıların sayın azaltsınlar”.

Eyni zamanda nazir deyib ki, hər bir müəssisə tullantılara görə ödəniş edir.

Müəllif | Apa.Tv
Apa.tv