Nabran meşələrində nə baş verir?
Nabran istirahət zonasında dincələn vətəndaşlardan APA TV-yə ünvanlanan bir müraciət bizi bu ərazidəki meşələrin taleyi ilə bağlı ciddi narahat etdi. Qaynar xəttimizə göndərilən videodan aydın görünür ki, bu ərazidə yerləşən meşədə kəpənək əlindən yer yoxdur. Vətəndaşların bildirdiyinə görə, bu canlılar ağacların yarpaqlarını tamamilə yeyib. Gördüyümüz mənzərənin səbəbini və nəticələrini öyrənmək məqsədilə mütəxəssislərə üz tutduq. Ekoloq Ənvər Əliyev deyir ki, aran-düzən meşələrində həşəratların inkişafı üçün münbit şərait olur. Hazırkı vəziyyət isə həmin ərazidəki ağacların taleyi ilə əlaqədar qorxmaq üçün kifayət qədər böyük səbəbdir. Çünki yarpaqların yeyilməsi ağacların qurumasına səbəb ola bilər. Ekoloq onu da qeyd etdi ki, təcili şəkildə ərazidə monitorinq aparılmalı, vəziyyət nəzarətə götürülməldir. Məsələ ilə bağlı sorğumuza cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, vəziyyət nəzarət altındadır. Artıq ərazidə dərmanlama işləri aparılıb. Nazirlik əməkdaşı həmçinin bildirdi ki, dərmanlama işləri demək olar ki, artıq yekunlaşıb.