Nabranda qeyri-adi ev: bu ev yayda yaşıl rəngə boyanır

Azərbaycanda bu evin bənzəri yoxdur. Bünövrəsi daş, divarları şüşədəndir. Tikintisində kərpic və ya mişar daşı əvəzinə 60 mindən çox şüşə butulkadan istifadə olunub. Bu qeyri-adi ev Xaçmaz rayonunun Nabran kəndindədir.

 

Hamının diqqətini çəkən ev 2011-ci ildə kənd sakini Baləhməd Xanbabayev tərəfindən tikilib. Unikal evin inşasına 4 il vaxt sərf olunub. Üç otaq, mətbəx və sanitar qovşaqdan ibarət evin tikintisində müxtəlif rəngli şüşə butulkalardan istifadə olunub.

 

Baləhməd Xanbabayev həyatdan köçdükdən sonra bu evdə onun qohumları məskunlaşıb.

 

Artıq dörd ildir şüşə evdə Şəmsibanu Seyidova qızı və nəvəsi ilə birlikdə yaşayır. Ev sahibi butulka evin olduqca rahat və isti olduğunu bildirir.

Yayda tamamilə yaşıllıqla əhatə olunan butulka evi seyr etməklə yanaşı, burada gecələmək istəyənlərə də tez-tez rast gəlinir. Seyidovlar ailəsi yayda butulka evi kirayə verərək gəlir əldə edirlər. Bu unikal evdə yaşamaq istəyənlər gündəlik 20-30 manat ödəməli olur.

Butulka evin sahəsi 60 kvadratmetrdir. Həyətindəki bütün yardımçı tikililəri də butulkadan inşa edilib. Evdə əlavə səs-küy yoxdur. Azərbaycanın başqa bölgələrində də butulkadan istifadə edilməklə tikilən evlər mövcuddur. Amma həmin evlərdə butulkadan tikinti materialı kimi çox az istifadə olunub. Nabrandakı ev isə tamamilə şüşə butulkalardan ibarətdir.

Nabrandakı butulka ev Azərbaycanla yanaşı xarici ölkələrdə də tanınır. Qeyri-adi ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb. Bu yaxınlarda isə Azərbaycanda çəkilən yeni filmlərdən birinin bəzi səhnələri bu evdə lentə alınıb.

Müəllif | Apa.Tv
Apa.tv