Naftalan DYMH-nin əməkdaşları Vətən müharibəsi zamanı fəaliyyətlərinə görə mükafatlandırıldı
Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da öz fədakarlıqları ilə seçiliblər.
APA TV xəbər verir ki, Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Mühafizə hissəsində görüş təşkil olunub.
Çıxış edən FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, həyata keçirdiyi işğalçılıq siyasətindən danışıb.
Qeyd edib ki, Vətən Müharibəsində FHN-in bütün strukturları digər qurumlar kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin qazanılmasında öz töhfələrini veriblər.
FHN-in digər strukturları kimi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində rəşadət göstəriblər.
Görüş zamanı Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.