Narkotacirin yaşadığı evdən silah və narkotik çıxdı

Yaşadığı evdə silah və narkotik vasitələr gizlədən şəxs paytaxtın Səbail rayonunda yaxalanıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Yaşar Quliyev rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3,778 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis Bölməsində Yaşar Quliyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun Sabunçu qəsəbəsi ərazisində yaşadığı mənzildə əlavə olaraq narkotik vasitə və odlu silah-sursat gizlətdiyi məlum olub. Qeyd edilən ünvana baxış zamanı saxlanılan şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 30 ədəd patron olan daraq, həmçinin 460 qram marixuana aşkar edilib. Y.Quliyev ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu etiraf edib. 

Yaşar Quliyev tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv