Narkotik alqı-satqısı ilə məşğul olan şəxslər yaxalandı – QUBADA ƏMƏLİYYAT
Qubada narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayon sakini Ümid Mirzəyev saxlanılıb. Ondan 0.439 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ümid Mirzəyev ifadəsində narkotik maddəni rayon sakini, əvvəllər məhkum olunmuş Adil Nəsrullayevdən 20 manata aldığını bildirib: “Polislər məni saxladı, üstümdə 2 büküm narkotik vasitə var idi. Onları Adildən almışdım, peşmanam”.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Adil Nəsrullayev də tutularaq istintaqa təqdim olunub. Ondan 0.576 qram qurudulmuş marixuana götürülüb: “Ümid zəng vurub nəşə istədi, mən də tapdım. Zaurdan 3 büküm nəşə aldım, onun 2 bükümünü Ümidə verdim, birini özümdə saxlamışdım. Polislər üstümə baxış keçirdilər, üstümdən 20 manat pul və bir büküm də nəşə çıxdı”.
Keçirilmiş tədbirlərlə Adil Nəsrullayevin narkotik maddələri əldə etdiyi rayon sakini “Qara Zaur” kimi tanınan Zaur Ömərov da tutularaq istintaqa təqdim olunub.
Saxlanılan Zaur Ömərov 3-4 ildir narkotikdən istifadə etdiyini bildirib: “Polis əməkdaşları məni saxladılar və üstümdən 2 büküm nəşə tapdılar. Evə baxış zamanı da 5-10 dənə dipçəkdə əkmişdim onlar tapıldı. Bir az da keçən ildən qalan var idi paketdə. Əvvəllər satmışam və ona görə də cəzamı çəkmişəm”.
Əməliyyat zamanı Zaur Ömərovun dostu Seymur Hacıyev də saxlanılıb: “Zaurun dostuyam, iki gündü Zaurgildə qalırdım. Zaurla nəşə çəkirdim. Arada istəyəndə gedib çəkirəm. Bu gün də polis əməkdaşları gəlib yaxaladılar bizi”.
Saxlanılan zaman onun üzərindən 1,033 qram, yaşadığı evdən isə ümumi çəkisi 1.4 qram olan üç bükümdə və 240 qram olan sellofan torbada qurudulmuş marixuana, eləcə də dibçəklərdə yetişdirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.