Narkotik alverçiləri polis maşınını vurub qaçmaq istədilər - SABİRABADDA FİLM KİMİ ƏMƏLİYYAT

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri zərərsizləşdirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb. Onun üzərindən 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat zamanı müəyyən edilib ki, Mahizər Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədilə əldə edib. Hətta buna qədər bir neçə dəfə “Maqsud”un ona göndərdiyi heroin və metamfetaminin satışını həyata keçirib. O, satdığı narkotik vasitələrin pulunu isə “Maqsud”a paytaxtdakı ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsilə göndərib. Polis əməkdaşları tərəfindən Afşin Naderi də saxlanılaraq istintaqa təqdim edilib:

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sabirabad rayonu ərazisində Mahizər Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri  - əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Heydər Məmmədov və Azər Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. Belə ki, Heydər Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib. Lakin onların qaçmasına imkan verilməyib:

 

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

         

 

 

Müəllif | Apa.Tv
Apa.tv