Narkotik bu tərəfdə qaldı, özü geri qaçdı - SƏRHƏD POZUCULARINA İMKAN VERİLMƏDİ

Astara rayonu ərazisində Azərbaycanın dövlət sərhədinin pozulmasına imkan verilməyib.

APA TV-nin Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumatına görə, noyabrın 3-ü, səhər saatlarında İrandan qanunsuz olaraq ölkəmizə keçməyə cəhd edən naməlum şəxs sərhədçilər tərəfindən aşkar edilib.
 
Sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusu təqib edilib və o, əlindəki çantanı ataraq geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantadan narkotik vasitələr - 12 kq 730 qram “Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd xəncər götürülub.
 
Həmin gün gecə saatlarında isə Ağstafa rayonu ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

İlkin araşdırma zamanı həmin şəxslərdən 7 nəfərinin Ağstafa, 1 nəfərin isə Yevlax rayon sakini olduğu müəyyənləşdirilib. Onların ən böyüyü 20, ən kiçiyi 3 yaşındadır.

Hər iki faktla  bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv