Narkotik əkib becərən Şəmkir sakini: “Üç aydan sonra bar verəcəkdi”

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik maddənin qanunsuz dövriyyəyə daxil olunmasına imkan verilməyib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Şəmkir-Çinarlı avtomobil yolunun sol hissəsində yerləşən rayon sakini Nəriman Cəfərova məxsus pay torpağında xüsusi aqrotexniki qaydada qulluq edilən çətənə bitkiləri aşkarlanıb.

 

Hal şahidlərinin iştirakı ilə ərazidən 13 ədəd çətənə kolu götürülüb. Həmin şəxsə məxsus yardımçı tikilidən də istifadəyə hazır narkotik maddə aşkar edilib. 

 

Şəmkir RPŞ-nin baş təhqiqatçısı Musa Hüseynov bildirib ki, həmin torpaq sahəsinin yaxınlığında olan yardımçı tikiliyə baxış zamanı oradan 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Nəriman Cəfərov çətənə kollarını bu ilin mart ayında şəxsi istifadə məqsədilə becərdiyini, payızda isə bəhrəsini götürəcəyini səbirsizliklə gözlədiyini gizlətməyib: “Toxumum vardı, mart ayında yerə vurdum. Gözlədim əmələ gəlsin. O da eləcə qaldı. Yetişməyə üç ay vardı. Üç aydan sonra payız ayında bar verəcəkdi. Özüm üçün əkmişəm. Çünki xəstəyəm”.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Mımmədov

Müəllif | Apa.Tv
Apa.tv