Narkotik satan şəxs və piyadanı vuraraq öldürən sürücü yaxalandı

Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub. Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində idarə etdiyi “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

 

Polis əməkdaşları tərəfindən həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Ağaverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 2 qramdan artıq heroin aşkar edilib. Onun evinin yaxınlığından isə  ümumi çəkisi 2 kiloqramdan artıq heroin tapılaraq götürülüb.

 

Araşdırma zamanı müəyyən olunub ki, R.Ağavediyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə vasitəçilik edib. R.Ağavediyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv