Narkotiklə saxlanılan keçmiş məhkumun digər cinayətləri də üzə çıxdı
Astarada narkotik vasitə ilə saxlanılan şəxsin digər cinayətinin də üstü açılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev saxlanılıb.
Keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə heroin və narkotik vasitənin qəbulu üçün hazırlanmış bir ədəd şprisdə heroin məhlulu aşkarlanaraq götürülüb.
Mehman Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb. Belə ki, saxlanılan şəxsin 2018-ci ildə rayonun Fətəlioba kəndində Zeynəb Dadaşovaya məxsus həyətdəki tövlədən 1800 manat dəyərində balası ilə birlikdə bir baş inəyi oğurladığı müəyyən edilib.
Bu il fevralın 1-də isə Ərçivan qəsəbəsində Nazilə Əsədullayevaya məxsus evdən suqızdırıcısını, qaynaq aparatı dəstini, 2 ədəd mis qazanı, laqonda və burğu aparatını, eləcə də həmçinin 5 ədəd ev quşunu oğurladığı üzə çıxıb: “Əvvəllər məhkum olunmuşam oğurluq üstə. İndi Astara RPŞ-nin işçiləri məni saxlayıblar. Üstümdən narkotik çıxıb. Suqızdırıcısını Ərçivan qəsəbəsindən oğurlamışam, inəyi də Fətəlioba kəndindən. Ana və bala inəyi 800 manata satmışdım”.
Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.