Narkotiklə tutulan Samux sakini: “Qaynadıb suyunu içirəm”
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi Samux rayonunda əməliyyat keçirib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, əməliyyat zamanı rayonun Köbər kənd sakini Taleh Məmmədovdan külli miqdarda narkotik aşkarlanıb. Saxlanılan şəxs yaşadığı ünvanda narkotik saxladığını etiraf edib.
Təhqiqatçı Yunis Quliyevin sözlərinə görə, Taleh Məmmədovun Samux rayonunun Köbər kəndində yaşadığı evin tövləsindən 4 kiloqram 60 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Taleh Məmmədov narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib: “Kür qırağı sahildən yığmışam. Quru halda yığdım. Qaynadıb suyunu qəbul edirəm. Məndə damar tutulması var. Həftədə bir dəfə suyunu içəndə rahatlaşıram”.
Taleh Məmmədovu qaynadıb suyunu içdiyi narkotik vasitəyə görə daha bir neçə il məhkumluq həyatı gözləyir.