“NATO-nun Ləyaqətli Xidmət Medalı” şəhid komandirin ailəsinə təqdim edildi
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirən Ordumuzun şəhid zabiti, mayor Rəhim Qədir oğlu Hüseynovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, tədbirdə bildirilib ki, Rəhim Hüseynov 1994-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub.
Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib.
Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.
İngilis, rus, erməni dillərini mükəmməl bilən, zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edib.
Qeyd edilib ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən Müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalları ilə təltif olunan igid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezidentin sərəncamı ilə ölümündən sonra o, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.
Ordumuzun tabor komandiri mayor Rəhim Hüseynov həmçinin “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.
NATO-nun Baş Katibi Jens Stoltberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə “NATO-nun Ləyaqətli Xidmət Medalı” ilə təltif olunub.
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev NATO-nun ən nüfuzlu medalını mayor Rəhim Hüseynovun böyük oğlu Hikmətə təqdim edib.