Naxçıvan küçələri Bakını xatırladan görüntülər
Bəli, son zamanlarda Naxçıvan şəhəri səkilərdəki insan sıxlığı, yollardakı tıxacları ilə Bakını xatırladır. Şəhərdəki bu dəyişiklik kimi üçün problem, kimi üçün isə sevinməyə dəyər bir hadisədir. Bəzi sakinlər səkilərdəki sıxlığı şəhərə olan insan axını ilə əlaqələndirir. Bəzi vətəndaşlar isə tıxaclardan narazı olsalar da şəxsi nəqliyyat vasitələri ilə yanaşı ictimai nəqliyyat vasitələrinin də sayının artmasını istəyirlər. Kimisi yollardakı tıxacları əvvəllər muxtar respublikada mövcud olan avtomobillərlə bağlı qadağanın aradan qaldırılması ilə əlaqələndirib müsbət qiymətləndirir, kimi isə tıxaclardan cana gəlib. DYP əməkdaşları tıxacların günün pik saatlarında yarandığını və problemin aradan qaldırılması üçün profilaktik tədbirlərin görüldüyünü bildirirlər. Qeyd edək ki, Naxçıvan şəhərində insan sıxlığının müşahidə edilməsinin səbəblərindən biri də xarici və yerli turistlərin şəhərə maraq göstərməsi, xarici tələbələrin təhsil üçün buradakı universitetləri seçməsidir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV