Naxçıvanda bu gün küçələr təmizlənmir – İşçilər işə çıxmaqdan imtina etdi

 

Bu gün Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin bir qrup əməkdaşı iş şəraitinə etiraz olaraq işə çıxmaqdan imtina ediblər. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına gələrək çalışdıqları yerdə təhqir olunduqlarını, işləmək üçün heç bir şəraitin yaradılmadığını bildiriblər. İşçilər deyir ki, əvvəllər maaşları daha yüksək olub. Lakin sonradan onlara verilən məvacib azaldılıb və bu barədə onlara öncədən xəbər verilməyib. İşçilər deyir ki, hətta idarədə olan maşınların da yanacağı yoxdur. Məsələ ilə bağlı əraziyə gələn Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov işçilərin etirazının əsassız olduğunu bildirib. Qurum rəisi qeyd edib ki, ötən ilin avqust ayına kimi işçilərin hər birinin iki maaş kartı olub və onlar yüksək məvacib alıblar. Ancaq qarşıdakı günlərdə onların maaş məsələsi öz həllini tapacaq. Qurum rəsmisi həmçinin bildirdi ki, tender elan olunub, nəticələr bəlli olan kimi ləvazimatlarla bağlı problem də aradan qaldırılacaq.

Ceyhun Məmmədov,Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv