Naxçıvanda bu kəndin sakinləri yüz il yaşayırlar
Bura Culfa və Ordubad rayonları sərhədində yerləşən Yaycı kəndidir. Yaycı kəndi həm də qırmızı soğanı və uzun ömürlü insanları ilə Naxçıvanda ad qazanıb. Sakinlər bildirir ki, kənddə soğan əkənlərin sayı əvvəlki illərlə müqayisədə az olsa da soğan əkmək ənənəsi unudulmayıb. Hələ də kənddə demək olar təsərrüfatların əksəriyyətində soğan əkilir. Sakinlər deyir ki, başqa yerlərdə soğanın qiyməti çox aşağı olanda da bu kənddən soğanı 1 manata alan tapılır. Qırmızı rəngdə olan Yaycı soğanının qiyməti həmişə digər soğanlardan baha olur. Bunun da səbəbi qırmızı soğanın həm insan orqanizmi üçün daha faydalı, həm də dadlı olması ilə bağlıdır. Həm də 100 il ömür sürən insanları ilə məşhur olan kənddə uzunömürlülüyü soğan yeməklə əlaqələndirənlər var. 100 yaşını haqlayan Abdulla baba isə deyir ki, can boğandan gəlir. Əsas sağlam qidalanmaqdır. Sakinlər bildirir ki, soğan əkmək çətin, zəhmət tələb edən bir işdir. Üstəlik, son illər kənddə suvarma suyu ilə bağlı zaman-zaman yaşanan çətinliklər soğan əkənlərin sayının azalmasına səbəb olub. Yaycı kəndi Araz çayı sahilində yerləşir. Bu kənd Naxçıvanı qırmızı soğanla təmin edən yeganə kənddir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV