Naxçıvanda “Fövqəladə hallara hazırlıq düşərgəsi”nə start verildi
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Fövqəladə hallara hazırlıq düşərgəsi”nə start verilib.
Üç gün Babək rayon Şıxmahmud meşəsində reallaşacaq düşərgədə məşğələ saatları, təlim və seminarlar, yarışlar, panel müzakirə, özfəaliyyət saatı, infosessiya fəaliyyətləri təşkil olunacaq.
40 gəncin iştirak haqqı qazandığı layihənin iştirakçıları əvvəlcə çadırlara yerləşdirilib, təlimatlandırılıb, beş komandaya bölünüb və zəruri vasitələrlə təmin olunub.
Düşərgədə gənclərə “Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və anlayışı”, “Fövqəladə hallar zamanı necə davranmalı”, “Fövqəladə hadisələr zamanı ilkin tibbi yardımın göstərilməsi” mövzularında müzakirə və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi qaydaları və onların tibb məntəqəsinə daşınması üzrə xilasedici-sanitarların davranış qaydaları və digər mövzularda geniş məlumat verilib.
3 gün davam edəcək “Fövqəladə hallara hazırlıq düşərgəsi” gənclərin fövqəladə hallar, onlardan qorunma yolları barədə məlumatlılığın artırılması, onların bu sahədəki nəzəri və praktik biliklərinin yüksəldilməsi, eləcə də fövqəladə hallarla bağlı məsələlərin müzakirəsində və qarşısının alınması istiqamətində həll yollarının müəyyən edilməsində gənclərin fəal iştirakını təmin etmək məqsədilə keçirilir.