Naxçıvanda maşın sexi qalmaqalı: Ustalar qan ağlayır

Naxçıvanda fəaliyyət göstərən maşın ustaları iddia edirlər ki, cəmi bir neçə həftə öncəyə qədər şəxsi avtomobil təmiri sexlərinin saxlanılması üçün hər cür əzaba dözməli olublar. Onların sözlərinə görə, sex sahiblərindən obyektlərinin bağlanmaması qarşılığında yüksək məbləğdə rüşvət tələb edilib. İş o yerə çatıb ki, dövlət tərəfindən ödənilən hər xırda vəsait belə heç bir əsas olmadan əllərindən alınıb, maşınlardan çıxan yağlar belə mənimsənilib.

Həmsöhbət olduğumuz şəxslər deyirlər ki, “işlətsən də, işlətməsən də pulu tapıb verməlisən” tələbi bir çox maşın ustalarının Naxçıvandan köçüb Bakıya və ya Türkiyəyə getməsinə səbəb olub.

 

Bu illər ərzində haqsızlıqla üzləşdiyini deyən ustalardan biri də Xəyal Hüseynovdur. Elektrik ustası olan Xəyal əlinin zəhməti ilə qazandığı vəsait hesabına özünə servis açıb. Lakin dediyinə görə, qısa vaxt kəsiyində o, qazancını bölmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Naxçıvanda 3 ildən artıqdır ki, şəxsi avtomobil təmiri sexləri bağlanmışdı. Elə həmin vaxtdan burada avtomobil təmiri üçün yalnız Naz-Lifan Service texniki xidmətlərindən istifadə etmək mümkün idi. Naxçıvanlılar iddia edirlər ki, Naz-Lifan Service-ə muxtar respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailəsi nəzrət edib. Sədrin istefasından sonra bağlanılmış şəxsi avtomobil təmiri sexləri yenidən fəaliyyətə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv