Naxçıvanda yaşayan şəhid ailələrinin Qarabağa səfəri təşkil olunub

Səfərdə Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən, böyük şücaət və qəhrəmanlıq göstərərək tarixi qələbənin qazanılmasına öz töhfələrini verən və orada şəhidlik zirvəsinə ucalan 16 şəhid ailəsinin 27 üzvü iştirak edib. Səfər çərçivəsində şəhid ailələrinin üzvləri Füzuli rayonu Yuxarı Alaxanlı, Merdinli, Qaraxanbəyli kəndləri, Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində, Aşağı Veysəlli kəndində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər. Naxçıvanda yaşayan şəhid ailələrinin üzvləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları, şəhər polis rəisi, prokuroru, təhlükəsizlik xidmətinin rəisi ilə də görüşüblər. Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib. İşğaldan azad olunmuş tarixi torpaqlarımıza səfərin məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların ailələrinə dövlət qayğısının daimi olacağını bir daha hiss etdirməkdir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv