Naxçıvanda yeni hərbi obyektlər tikilib - UCQAR POSTLARDA QIŞA HAZIRLIQ

Naxçıvan Muxtar Respublikasının (MR) etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə müasir əsgəri-məişət komplekslər inşa olunub.

2019-cu il ərzində Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binası və istirahət parkı istifadəyə verilib.

Naxçıvan şəhərindəki hərbi şəhərciyin yaşayış binalarında yenidənqurma işləri aparılıb, qarnizon uşaq bağçası və tam orta məktəbin binası təmir olunub, 220 yerlik zabit yataqxanasında müasir sosial-məişət şəraiti yaradılıb və yeni istirahət parkları salınıb. Hazırda Naxçıvan şəhərindəki 2 qərargah binasında son tamamlama işləri aparılır, hər biri üçmərtəbəli 2 yataqxana binasının, hərbi zavodun, Naxçıvan MR Mərkəzi Hərbi Hospitalının, Hərbi Hava Qüvvələri üçün yeni hərbi hissənin tikintisi davam etdirilir. Hərbi hissələr üçün 5 anqar, ön mövqelərdə 2 əsgəri-məişət kompleksi tikilərək istifadəyə verilib, 2 tabor mərkəzi əsaslı təmir olunub.

Əsaslı təmirdən sonra Sədərək rayonunda yerləşən hərbi hissənin tabor mərkəzi şəxsi heyətin istifadəsinə verilib.

Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi hissənin tabor mərkəzi də əsaslı təmir edilib. 2009-cu ildə inşa edilmiş 2 mərtəbəli bina əsaslı təmirdən sonra şəxsi heyətin istifadəsinə verilib.

Açılış mərasimlərində iştirak edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan MR-da da uğurla davam etdirilir.

Başa çatmaqda olan 2019-cu il ərzində də təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində əsaslı təmir-bərpa işləri aparılaraq möhkəm müdafiə potensialı yaradılıb. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalarda hər cür şərait yaradılıb. Soyuq qış aylarında Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində əsgərlərimiz müasir kazarmalarda  yaşayır, isti geyim və keyfiyyəli ərzaqla təmin olunur.

Naxçıvan Qarnizonunun çörək zavodunda yenilənmə aparılaraq ən müasir avadanlıq quraşdırılıb. 2009-cu ildən bəri hərbi hissələri əla və birinci növ buğda unundan hazırlanmış keyfiyyətli çörək məhsulu ilə təmin edən zavod bu il daha müasir avtomatlaşdırılmış sistemlərlə yenilənib.


 

Müəllif | Apa.Tv
Apa.tv