Naxçıvanın taleyini dəyişdirəcək körpünün tikintisi başa çatdı
Artıq Kür çayı üzərində meqa layihə olan ikinci dəmir yolu körpüsünün inşası başa çatıb. Qoşa körpülər Zəngəzur dəhlizindən keçməklə Bakı-Naxçıvan dəmir yolu əlaqələrində yeni iqtisadi imkanlar yaradacaq və həm də hər iki istiqamətdə sərnişin və yükdaşımaları intensivləşdirəcək.
Azərbaycan miqyasında möhtəşəm layihələrdən biri olan Kür çayı üzərində Ələt-Osmanlı mənzilində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirən ikinci dəmir yolu körpüsünün tikintisi başa çatıb. Hazırda körpüdə dəmir yolu xəttinin quraşdırılması işləri aparılır. Tikinti zamanı texnikanın işləməsi üçün quraşdırılan köməkçi körpünün və tikililərin sökülməsi işləri yerinə yetirilir. Ətraf ərazilər abadlaşdırılır, yenilənir. Körpü ilə yanaşı, Kür çayında körpüətrafı dəmir-beton istinad divarları da tikilib. Körpünün altından Şirvan şəhəri ilə Çılpaqlı qəsəbəsini birləşdirən yeni asfalt yol salınıb, səkilər quraşdırılıb.
Qeyd edək ki, Qarabağ və sərhədyanı rayonların iqtisadiyatının inkişafına böyük töhfə olan nəqliyyat infrastrukturunun bir hissəsi kimi, hər iki körpünün tikintisi beynəlxalq standartlara cavab verən səviyyədə həyata keçirilib. Layihə çərçivəsində 2021-ci ilin iyun ayında tikintisinə başlanılmış yeni körpü 2022-ci ilin oktyabr ayında istismara verilib. Hazırda inşası başa çatdırılan ikinci körpü, 100 il əvvəl inşa edilən və qəzalı vəziyyətə düşən mövcud körpünü demontaj etdikdən sonra onun yerində inşa edilib. Artıq ikinci körpüdə işlər yekunlaşıb və yaxın günlərdə istismara verilməsi gözlənilir. Hər iki körpünün uzunluğu 270,7 metr, eni 5,7 metrdir. 4 aşırımdan ibarət olan körpülərin orta aşırımlarının uzunluğu 111,4 metr, kənar aşırımların uzunluğu isə 18,7 metrdir. Tikinti zamanı mürəkkəb, qabaqcıl tikinti texnalogiyasından və müasir maşın-mexanizmlərdən istifadə edilib.
Körpüdən keçən dəmir yolu xəttində həm böyük həcimli yükdaşımalar, həm də sərnişindaşıma həyata keçiriləcək. Bu körpülər Naxçıvan-Türkiyə istiqamətində intensiv iqtisadi əlaqələrin yarnamasına da töhfə verəcək. Ən əsası isə 30 il iqtisadi blokadada qalan Naxçıvanın iqtisadi inkişafına, insanların gediş-gəlişinə imkan yaradacaq.
Əlibəy Zeynallı
Elçin Həsənov