Nazarbayev iğtişaşlardan sonra ilk dəfə üzə çıxdı - ELBASIDAN SEÇKİ MESAJI

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev yanvar hadisələrindən sonra ilk dəfə kameralar qarşısına keçərək çıxış edib. Sabiq dövlət başçısı youtube kanalında videomüraciət yayımlayıb və bildirib ki, hazırda paytaxtdadır və istirahət edir.

 

Baş verən iğtişaşlarla bağlı da fikir bildirən sabiq prezident qeyd edib ki, hadisələrin günahkarlarını istintaq araşdırır.

 

Sitat: “Bu hadisələr bir daha göstərir ki, müstəqilliyi göz bəbəyi kimi, xüsusilə diqqətli davranmağı tələb edən kövrək bir qab kimi əzizləmək lazımdır. Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”. Sitatın sonu

 

Nazarbayev Qazaxıstan xalqına dövlət başçısı kimi apardığı islahatlar və modernləşmə kursunu dəstəklədiyinə görə təşəkkür edib.

 

Sitat: “Prezident səlahiyyətlərini 2019-cu ildə Kasım-Jomart Tokayevə təhvil verdim, həmin dövrdən təqaüdçüyəm. İndi Qazaxıstanın paytaxtında istirahət edirəm və heç yerə getməmişəm. Prezident Tokayev tam səlahiyyətə malikdir və Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”. Sitatın sonu

 

Qazaxıstanın hakim “Nur Otan” partiyası növbədənkənar qurultay keçirməyə hazırlaşır. Yerli mətbuat xəbər verir ki, bunu partiya sədrinin birinci müavini Bayırcan Baybek bildirib. Bununla belə, o, qurultayın planlaşdırılan tarixini açıqlamayıb.

 

Ötən ilin noyabrında Nursultan Nazarbayev “Nur Otan” partiyasının lideri postunu tərk edərək səlahiyyətlərini hazırkı dövlət başçısı Qasım-Comərd Tokayevə verib. Partiyanın qurultayını çağırmaq səlahiyyəti onun siyasi şurasına məxsusdur. Qazaxıstanın ən böyük partiyası olan “Nur Otan”ın 835 mindən çox üzvünün olduğu bildirilir.

 

FUAD SADIQOV

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv