Nazir: “Avropada yeganə yəhudi şəhərciyi Qubadadır”

“Azərbaycan müxtəlif dinləri bir araya gətirən dövlət kimi dünyanın diqqət mərkəzindədir”.

APA TV-nin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib:“Prezident İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş dünya dini liderlərinin 2-ci Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq etdi. Dünya dini liderləri dövlət başçısına təşəkkür məktublarında və mənimlə bölüşdükləri təəssüratlarında 2-ci Bakı Sammitinin Azərbaycan adına böyük uğur, tarixi nailiyyət olduğunu vurğulayıb”.

Bakıda keçirilən “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfransda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin dini dözümlülük və tolerant mühit baxımından örnək olduğunu qeyd edib: “XIV əsrdə Avropada 300 yəhudi şəhərciyi mövcud olub. Bu gün Avropada 1 yəhudi şəhərciyi qalıb. O, da Qubadakı Qırmızı Qəsəbədir. Yəhudilərin məkan olaraq Azərbaycanda yaşaması Avropanın bütün ölkələri üçün bir nümunədir.”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı belə konfransların mədəniyyətlər və dinlərarası dialoqa böyük töhfə verdiyini vurğulayıb: “Azərbaycan ayrı-ayrı sivilizasiyalar, mədəniyyətlərin qovşağında yerləşən ölkədir. Prezident İlham Əliyevin siyasətində mədəniyyətlər və sivilizasiyalararası məsələsi önəmli yerlərdən birini tutur. Bakı şəhərində bununla bağlı çoxsaylı tədbirlər keçirilib. Eyni zamanda mədəniyyətlərarası dialoq məsələsində Heydər Əliyev Fondu hörmətli Mehriban xanımın rəhbərliyi ilə həm Azərbaycanda, həm də ölkədən kənarda çoxsaylı tədbirlərə imza atıb”.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini icma rəhbərləri iştirak edib.

Həmidağa Məcidov, Vətən Sadatlı APA TV

Müəllif | Apa.Tv
Apa.tv