Nazir: “Çalışırıq ki, fevralın 15-ə qədər ənənəvi təhsilə qismən də olsa, qayıdaq“
“Koronavirusa yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür”.
APA TV-nin xəbərinə görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, özəl, dövlət, kiçik, böyük olmasından asılı olmayaraq təhsil eyni qaydada təşkil edilir: “Bölgələrdə siniflərdə 1.5 metr məsafəni qorumaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa qaytarılsın”.
Bütün fənlərin tədrisinin əyani şəkildə təşkilinin tərəfdarı olduğunu deyən Təhsil naziri onu da bildirib ki, ilkin hesablamalara görə, bölgələrdə fevralın 1-də 2000-dən artıq məktəbdə ibtidai təhsildə dərslər başlayacaq: “Müəyyən mənada uşaqların 5 gün ərzində dərsə gəlməsini təmin etmək olur. Bəzi hallarda isə xüsusilə, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Masazırda, Bakının ətraf kənd və qəsəbələrində kifayət qədər sıx məktəblər var ki, bu məktəblərdə həddindən çox şagird var. Bu məktəblərdə məcbur olaraq təhsili 6 günə keçirə bilirik. Çünki sıxlıq imkan vermir ki, 5 gün edək. Düzdür, yalnız ibtidai təhsil alanlar məktəbə gələndə sıxlıq elə də böyük olmur. Amma V-IX siniflər məktəbə qayıtdıqdan sonra sıxlıq olacaq. Operativ Qərargahdan olan həmkarlarımızla birgə müzakirə aparıb, qərar verəcəyik. Yaxın gələcəkdə valideynlər bununla bağlı məlumat alacaqlar. Düşünürük ki, valideynlər bir həftə əvvəl övladının dərsə getməsi ilə bağlı məlumatlı olmalıdır. Növbəti həftə bununla bağlı açıqlamalar olacaq”.
Təhsil naziri bağçaların da fevral ayının 15-ə qədər açılacağına ümidvarıq olduğunu deyib.
Emin Əmrullayev Ali təhsil alan İkinci Vətən müharibəsi iştirakçılarının təhsil haqları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bu yalnız Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil. “YAŞAT” Fondu yaradılıb. Ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıq verilib ki, həmin vətəndaşlarla bağlı xüsusi yanaşma olsun. Hazırda biz də müəyyən layihələri hazırlamışıq, müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru bir addım atılacaq. İndiyədək Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssislərində təhsil alan 35 nəfər qohumlarının – bacı, qardaş və həyat yoldaşlarının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub”.
“Gələcəkdə bakalavr və ya magistr təhsilinin əlavə olaraq distant formada keçirilməsi gerçəkləşə bilərmi” sualına isə nazir bildirib ki, artıq pandemiya dönəmində müəyyən mənada distant təhsil verməyi öyrəndik. Lakin hələ də bu istiqamətdə öyrəniləcək şeylər çoxdur. Hazırda “Ali təhsil haqqında qanun” müzakirə edilir. Ümid edirəm ki, həmin qanunda biz distant təhsilin qanunvericilik normalarını müəyyən edə bilərik. Bu, gələcəkdə distant təhsilin kütləviliyini təmin etmək istiqamətində ən vacib alətlərdən biri olacaq deyə Emin Əmrullayev bildirib.
Pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacağını deyən Təhsil naziri əlavə edib ki, yaxın 6 ay ərzində bunun olmasını düşünülmür. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək.