Nazir: “Ermənistan Azərbaycana ərazisinə hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır”

“Slovakiyanın xarici və Avropa İşləri naziri İvan Korçokun rəhbərlik etdiyi nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Daha sonra biz ikitərəfli və çoxtərəfli platformalarda ölkələrimiz arasında münasibətlər və əməkdaşlığı müzakirə etmişik”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

 

Nazir ölkələr arasında siyasi dialoqu yüksək qiymətləndirərək bildirib ki, slovakiyalı həmkarı ilə keçirilən görüşdə energetika, mədəniyyət və elm sahələrində də iş birliyinin genişləndirilməsinə diqqət yetirilib.

 

Nazir çıxışında 44 günlük Vətən Müharibəsində ölkəmizin, eləcədə, region dövlətlərinin əldə edə biləcəkləri imkanlardan da danışıb: “Üçtərəfli bəyanatlar nəqliyyat-kommunikasiyanın bərpası, ticarət əlaqələri üçün böyük imkanlar yaradır. Digər bölgə ölkələri kimi, Ermənistan da sülhün faydasını görəcək. Bunun üçün ölkələr üzərinə götürülən öhdəlikləri dürüst yerinə yetirməlidirlər. Ancaq bəzi hallarda biz hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Üçtərəfli bəyanata əsasən, Ermənistan bütün hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarmaq barədə öhdəlik götürüb. Ermənistan Azərbaycana ərazisinə hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır. Bu, bölgədə sülh və təhlükəsizliyə təhdid yaradır. Bilavasitə və dolayısı ilə hərbi əməliyyatlara yönəlik bütün addımlara son qoyulmalıdır".

 

Ermənistanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etdiyini deyən Ceyhun Bayramov qeyd edib ki, bu, beynəlxalq humanitar prinsiplərə, insani davranışlara ziddir: “Bu ərazilərdə mina partlaması nəticəsində 18 insan dünyasını dəyişib, 78 insan isə ağır xəsarət alıb. Son hadisə isə dünən olub, Ağdamda 6 nəfər minaya düşüb. Dünya birliyi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təzyiq etməlidir”.

 

Xarici İşlər Naziri əminliklə vurğulayıb ki, hazırda Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğuldur və ölkəmiz bunun öhdəsindən layiqincə gələcək: “Slovakiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə avtomobil, dəmir yolları, alternativ enerji mənbələri, minatəmizləmə, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edə bilər: “Hər iki dövlətin aidiyyəti qurumları bu məsələləri dəyərləndirəcək və növbəti aylarda, növbəti illərdə bu istiqamətlərdə işlər həyata keçiriləcək”.

 

Qonaqpərvərliyə və geniş müzakirələrə görə həmkarına təşəkkür edən Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok bildirib ki, Türkiyəyə səfərdən sonra Azərbaycana gəlib və ölkəmizin inkişafının şahidi olub: “Keçmişdəki siyasi dialoq və əməkdaşlıq üzərində əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Prezident İlham Əliyevə təşəkkür edirik, çox faydalı əməkdaşlıq oldu. Biz regiondakı, Qarabağdakı vəziyyəti nəzərdən keçirdik. Mən ilk dəfə xarici işlər naziri kimi Azərbaycana səfər edirəm. Amma mən başqa statusda 20 il əvvəl Bakıda olmuşam. İndiki Bakının inkişafının şahidi oldum və bu, çox xoş bir təəssürat bağışladı”.

 

Qonaq deyib ki, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələr qaneedici sayıla bilməz. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı yeni sazişin imzalanması vacibdir və Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək: “Slovakiya üçün ərazi bütövlüyü önəmlidir. Bu, xarici siyasət strategiyamızda əksini tapıb və Azərbaycana münasibətdə də belədir. Münaqişənin həllindən sonra hər iki icmanın sülh şəraitində yaşamasını təmin etmək önəmlidir.

 

Slovakiyanın etimad yaratma tədbirlərində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdıran XİN başçısı vurğulayıb ki, ölkəsi vacib regional əlaqələr və ikitərəfli münasibətlərin inkişafında da maraqlıdır.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv