Nazir: “Ermənistan gecə vaxtı tikinti maşınları ilə Azərbaycana hərbçilər göndərməyə cəhd edir”
“Üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb”.
APA TV-nin xəbərinə görə, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olub. Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb.
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrinin tutulmuş bütün şəxslərin qaytarılması prosesinin daha yumşaq getməsinə töhfə verəcək fikrinə də münasibət bildirib: “ATƏT sədrinin qeyd etdiyi şəxslər, üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir. Həmin şəxslər terror əməlləri törədib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması vacibdir”.
Ceyhun Bayramov onu da nəzərə çatdırıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir: “Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Təhlükəsizlik, iqtisadiyyat və insan ölçüsü istiqamətində Azərbaycanın ATƏT-lə əməkdaşlığı vacib hesab etdiyini deyən nazir vurğulayıb ki, bu istiqamətlərdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək: “Bölgədə yaranmış yeni reallıq, yeni tranzit imkanları Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər. Ermənistanın növbəti təxribatına cavab olaraq 44 günlük Vətən Müharibəsi nəticəsində 30 il işğal altında olan Azərbaycan torpaqları azad edilib. Azərbaycanın BMT qətnamələri, ATƏT qərarlarında qəbul olunan ərazi bütövlüyü bərpa edilib. Bölgədə yaranmış vəziyyət yeni təhlükəsizlik formatının yaradılmasına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə münbit imkan yaradır. Azərbaycan Helsinki Yekun Aktına, ərazi bütövlüyü, sərhədlərin pozulmaması əsasında ölkələr arasında münasibətlərin normallaşmasına tərəfdardır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar bölgədə sülhün yaradılmasını təmin edir”.
Xarici işlər naziri qeyd edib ki, İsveç və Azərbaycan arasındakı münasibətlər bölgədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühümdür. Azərbaycan Şərq tərəfdaşlığı ölkələri içərisində yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışan İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde bildirib ki, keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qalıblar: “Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür. Qeyd etmək istəyirəm ki, Azərbaycan 10 noyabr 2020-ci ildə atəşkəsə nail olub, bölgədə vəziyyəti dəyişib. Hesab edirəm ki, münaqişənin uzunmüddətli həlli lazımdır”.
Ann Linde yaxın vaxtda Stokholmda Azərbaycanın yeni səfirini gözlədiklərini deyərək onu da bildirib ki, atılan addımlar siyasi və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.
Həmidağa Məcidov,
Musa Qulammirzəyev,
İlahə Vəliyeva,
APA TV