Nazir: “İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrə başlanılıb”

“Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib.  Bu dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir”.

 

APA TV-nin xəbərinə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

Nazirin sözlərinə görə, postmünaqişə dövründə Macarıstan şirkətlərinin ölkəmizə böyük marağını görürük. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, görüləcək işlərin planlaşdırılması həyata keçirilir: “Bir sıra böyük infrastruktur layihələrin də artıq həyata keçirilməsinə başlanılıb. Bu gün dəmir yolu tikintisi sahəsində macar şirkətlərinin təcrübəsi barədə fikir mübadiləsi aparıldı. Yol tikintisi ilə bağlı müzakirə oldu. İşğaldan azad edilən ərazilərdə böyük kənd təsərrüfatı potensialı var. Nümunəvi bir kəndin Macarıstan təcrübəsi əsasında “ağıllı kənd” konsepsiyası ilə tikilməsi ətrafında müzakirə aparıldı. Mədən və turizm sahəsində də geniş potensial var. Ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı da geniş fikir mübadiləsi aparılıb. Macarıstanın sədrliyini nəzərə alaraq, Avropa Şurasının imkanlarından postkonflikt dövründə konfliktə məruz qalmış insanların reabilitasiyasında istifadə etmək də müzakirə mövzusu oldu”.

 

Ceyhun Bayramov onu da bildirib ki, Macarıstanın əsas ticarət tərəfdaşı Çindir. Azərbaycan da Çinlə Macarıstan arasında yerləşir. Bu aspektdə tranzit imkanları da geniş müzakirə olunub.

 

Aviasiya sahəsində sərnişin daşınması ilə bağlı Macarıstanın “Wizz Air” aviaşirkətinin marağı ilə bağlı müzakirə aparıldığını deyən Ceyhun Bayramov yaxın vaxtlarda bununla bağlı addım atılacağını qeyd edib.

 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışaraq bildirib ki, Prezident görüşdə “ağıllı şəhər” və kəndlərin tikilməsi barədə danışıb. Macarıstan şirkətləri “ağıllı şəhər” tikintisində iştirak edə bilər: “İşğaldan azad edilən ərazilərdə su idarəetməsi böyük əhəmiyyət kəsb edir və bu sahədə təcrübəmiz var. Eyni zamanda, heyvandarlıq sahəsində təcrübəsi olan şirkətlərimiz var. Bu şirkətlər Qarabağın yenidən qurulmasına böyük töhfə verə bilərlər”.

 

Macarlı qonaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusuna malik olduqlarından fəxr etdiklərini deyib. Nazir bildirib ki, pandemiyanın ilk aylarında Türkiyə, Azərbaycan və Qazaxıstan Macarıstana tibbi maska ilə bağlı yardım göstərib. Çindən Macarıstana avadanlıqlar daşıyan təyyarələr də Azərbaycan üzərindən keçib: “Macarıstan Türk Şurasına üzv dövlətlərə əməkdaşlıqda, habelə birgə palata və investisiya fondunun, Türk Akademiyasının yaradılmasında maraqlıdır. Türk Şurasının Baş Assambleyasında da iştirak edirik. Biz Avropa Parlamenti və Türk Şurası arasında əməkdaşlığın yaranmasında iştirak etməyə hazırıq. Biz Avropa İttifaqı və Azərbaycan arasında əslində danışıqların son mərhələsindəyik. Avropanın qaz mənbələrinin diversifikasiyası Azərbaycan qazı olmadan mümkün deyil”.

 

Qeyd edək ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın biznes dairələrinin nümayəndələri ilə də işgüzar görüşü keçirilib.

 

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv