Nazir: "İslam İnkişaf Bankı indiyədək Azərbaycana 1 mlrd. dollara yaxın vəsait ayırıb"
Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi keçirilib.
APA TV xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. Tədbirdə İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmi qeyd edilib, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlər səsləndirilib.
Sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb.
Qeyd edilib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb.
İqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.