Nazir İsrail şirkətlərinə çağırış etdi
Tel-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İsrail Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi, İsrail İxrac İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, aqrar sahədə əsas hədəflər ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, aqrar məhsul ixracının artımı və sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatı yaratmaqdır: “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanacaq. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən yaxşı texnologiya və təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşə bilərlər”.
Biznes forumda çıxış edən İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini deyən nazir xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcud olduğunu bildirib.