Nazir müavini: “Bələdiyyələr inzibati pozuntulara yol verir”
Ötən il ərzində Ədliyyə Nazirliyində 79.858, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. Nəticədə 76.433 akt qanunvericiliyə uyğun hesab edilib.
APA TV-nin məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabat verərkən deyib.
Nazir müavini qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı 3.206 müraciətə baxılıb və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib: “Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub.
Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilib”.
Onun sözlərinə əsasən, 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib:
“İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”.
Nazir müavini bildirib ki, milli prioritetlərdə nəzərdə tutulmuş əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır: “Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri isə azad edilmiş yaşayış məntəqələrində yerli özünüidarə hüquqlarının təmin edilməsidir. Ölkəmizdə bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Həmin vaxtdan işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində o vaxtdan bələdiyyə seçkiləri keçirilməyib. İşğal nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyona yaxın vətəndaşımız yerli özünü idarəetmə hüququndan məhrum olub. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Bununla yanaşı, ərazilərin bərpası və yenidən qurulması, yaşayış üçün dövlət infrastrukturunun yaradılması, vətəndaşların öz ata-baba yurduna qayıtması, torpaq islahatları və digər işlər həyata keçirilməlidir. Bu işlərin həyata keçirilməsindən sonra bələdiyyə seçkilərinin keçirilməsi, yerli özünüidarəetmə sisteminin formalaşdırılması vəzifələri durur. Uzun müddət məcburi köçkün həyatı yaşamış insanların konstitusion hüquqları bərpa olunacaq”.