Sahil Babayev: “190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək”

“Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək”.

 

APA TV-nin məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

O bildirib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək: “Əlbəttə, təkrar yoxlamadan sonra bu ödənişlər olunacaq. Ola bilər ki, kimsə sahibkarlıq fəaliyyətinə başlayıb, əmək müqaviləsi imzalayıb. Bunlar hamısı araşdırılacaq. Bununla da COVID-19 dövründə yalnız birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq”. 

 

Nazir bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Onun sözlərinə görə, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır: “Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin 7 ayında 2,3 milyondan çox şəxsə 3,3 mlrd. manata yaxın vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən təqribən 30 faiz çox olmaqla 719 milyon manat çoxdur. Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb”.

 

İşsiz şəxslərin sosial müdafiəsi məsələsinə də toxunan nazir vurğulayıb ki, bu kateqoriyaya aid olan şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur.

 

Nazirin sözlərinə görə, layihə qəbul edildikdən sonra, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək.

 

Sahil Babayev həmçinin sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərildiyini vurğulayıb: "6 ayda 60 minə yaxın vətəndaş hər hansı idarəyə getmədən müavinət və pensiya təyinatını alıb"

 

Nazir bildirib ki, bu ilin ilk 6 ay ərzində ölkədə 60 minə yaxın vətəndaş hər hansı idarəyə getmədən müavinət və pensiyanın təyinatını alıb.

 

Onun sözlərinə görə, vətəndaşların məmurlarla təmasda olması, idarələrə getməsi işi çətinləşdirirdi: "Pandemiya dövründə bu, yoluxmaları da artıra bilərdi. Həmçinin 320 min insan elektron şəkildə arayışlarını alıb".

 

Nazir qeyd edib ki, ilin sonuna qədər 4 müavinət növü də elektronlaşdırılıcaq.

 

Peşə hazırlığı məsələlərinin də gündəmdə olduğunu vurğulayan nazir hazırda bununla bağlı 3 mərkəzin tam fəaliyyət göstərdiyini, 1 il ərzində daha 2 peşə hazırlığı mərkəzinin fəaliyyətə başlayacağını qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv