Nazir: “Sosial sahəyə yönəldilən büdcə vəsaiti imkan veirir ki…”

"Sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir".

 

APA TV-nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib:“Maliyyə baxımından baxdıqda bu il sosial sahəyə dövlət büdcəsindən ilkin nəzərdə tutulduğundan əlavə 2,3 milyard manatın yönəldilməsi növbəti il üçün artıq 4 milyard manata yaxın vəsaitin məhz sosial sahəyə, sosial yönümlü xidmətlərə yönəldilməsi deməkdir. Bu da o deməkdir ki, dövlət büdcəsinin 13-14 faizi məbləğində əlavə vəsait məhz sosial yönümlü xərclərə əlavə edilir. Bunun özü də ölkəmizin atdığı addımların birbaşa göstəricisidir”.

 

Nazir son bir ildə ölkədə sosial sahədə aparılan islahatların inkişaf yönümlü olduğunu bildirdi: “Bir il ərzində minimum əmək haqqının 93, minimum pensiyanın 72, müavinət və təqaüdlərin 100 faiz artırılması həqiqətən dünyada nadir görünən və Azərbaycan dövlətinin, Azərbaycan siyasətinin sosial yönümlü olmasını xarakterizə edən ən böyük göstəricidir”.

 

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirdi ki, atılan bütün addımlar sosial rifahın inkişafına hesablanıb: “Beynəlxalq rank sistemində Azərbaycanın yerinə baxsaq, görərik ki, son illər sosial sahədə nə qədər irəliləyiş baş verib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin əsas məqsədi ləyaqətli sosial rifah şəraitinin yaradılması, vətəndaşlara qayğı, onların üzləşdiyi problemlərin çevik həlli bütövlükdə Azərbaycan dövlətinin inkişafıdır”.

 

Xatırladaq ki, dekabrın 17-də Bakıda “Sosial xidmətlər sahəsində QHT-lə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv